Akademik Vaqif Fərzəliyev ustad dərsi keçdi

Elm Günü münasibətilə Kimya fakültəsində akademik Vaqif Fərzəliyevin “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması” mövzusunda ustad dərsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı Fuad Kərimli iştirakçıları salamlamış, ölkəmizdə “Elm Günü”nün əhəmiyyəti və tanınmış alimlərimizin gənc nəslin yetişməsində rolu barədə ətraflı məlumat vermişdir. Daha sonra məruzəçi akademik Fərzəliyev çıxış edərək neft yağları, onlara qarşı artan tələbat, ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında istifadə edilən T-55, T-72, T-90 tanklarında istifadə üçün xüsusi təyinatlı yağların yaradılmasında rəhbərlik etdiyi Aşqarlar kimyası institutunun gördüyü işlər, institutun fəaliyyəti dövründə aldığı mükafatlar haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Məruzədə xüsusi yağlarının əsas komponentləri, tətbiqi zamanı ortaya çıxan problemlər, tullantısız texnologiyanın qurulması məsələləri geniş şəkildə təqdim olunmuşdur. Məruzəçi çıxışında M-16İXP-3, M-16İXP-U xüsusi təyinatlı yağlar, ölkəmizin müdafiə sənayesində əhəmiyyəti məsələsinə də geniş yer ayırmışdır. Göstərilənlərlə yanaşı xüsusi təyinatlı yağların yaradılmasına görə özünün uğurları, bu işlərə görə görə layiq görüldüyü Dövlət mükafatını da iştirakçıların nəzərinə çatdırılmışdır. Seminar qarşılıqlı müzakirələr, iştirakçıların suallarının cavablandırılması və gələcək tədqiqat perspektivlərinin müəyyənləşdirilməsi ilə yekunlaşmışdır.