Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən BDU-nun nəzdində “Gənc istedadlar” liseyində akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Kimya fakültəsi TEC sədri Dərya Həsənova akademik Yusuf Məmmədəliyevin həyatı, elmi fəaliyyəti və dünya elminə verdiyi misilsiz töhfələr barədə ətraflı məlumat verib. O, alimin Azərbaycanda kimya elminin formalaşması və inkişafındakı mühüm rolunu vurğulayıb, yüksək oktanlı benzin, sintetik kauçuk və digər mühüm kimyəvi məhsulların yaradılması istiqamətində əldə etdiyi nailiyyətlərin ölkəmizin sənaye və enerji sektoruna böyük təsir göstərdiyini qeyd edib. Şagirdlərə akademikin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. İştirakçılar alimin elmi irsi, nailiyyətləri və Azərbaycan kimya elminə verdiyi töhfələr haqqında məlumatlandırılıb. Sonra lisey şagirdləri arasında Yusuf Məmmədəliyevin həyat və yaradıcılığı barədə intellektual bilik yarışı keçirilib. İki raunddan ibarət yarışda 6 komandaya (“Xarıbülbül”, “Kimyaçılar”, “Team Nova”, “Golden Brains”, “İstedadlı şagirdlər” və “Stars”) ümumilikdə 20 sual təqdim olunub. Nəticələrə əsasən, yüksək bilik nümayiş etdirən “Kimyaçılar” komandası I yerə layiq görülüb. Tədbirin sonunda qalib komandaya mükafatlar təqdim edilib.