Akademik Yusuf Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi seminar keçirildi

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə akademik Yusuf Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi seminar keçirilmişdir. Tədbirdə akademikin elmi irsinin müasir kimya elminin inkişafındakı əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Seminar çərçivəsində ilk olaraq II kurs tələbəsi və Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü Əli Əsgərov çıxış etmişdir. O, “Akademik Yusuf Məmmədəliyevin Azərbaycanın neft-kimya sənayesinin inkişafında rolu” mövzusu ilə çıxış edərək Məmmədəliyevin elmi fəaliyyətinin əsas istiqamətlərini iştirakçıların diqqətinə çatdırmışdır. Əli Əsgərov çıxışında akademikin yüksək oktanlı benzin istehsalı üzrə apardığı fundamental tədqiqatların ölkənin neft sənayesinin modernləşməsinə verdiyi töhfələri, kataliz sahəsində etdiyi yenilikləri və onun elmi məktəbinin formalaşmasında oynadığı rolu geniş şəkildə izah etmişdir. O, həmçinin Yusif Məmmədəliyevin müharibə illərində sintetik yanacaq istehsalı istiqamətində göstərdiyi fəaliyyətin strateji əhəmiyyətini qeyd edərək, bu işlərin Azərbaycanın elmi və sənaye tarixində mühüm mərhələ təşkil etdiyini bildirmişdir. Tələbə çıxışında həmçinin Kimya fakültəsinin müvafiq kafedralarında aparılan elmi-tədqiqat işlərinin — biodizel sintezindən yeni nəsil polimer sorbentlərin alınmasına, sürtkü yağları və korroziya inhibitorlarının tədqiqinə qədər geniş istiqamətləri əhatə etdiyini vurğulamışdır. O, bu araşdırmaların Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin bu gün də fəal şəkildə davam etdiyini göstərdiyini qeyd etmişdir. Daha sonra Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyaları kafedrasının müdiri, Professor İbrahim Məmmədov çıxış edərək akademik Yusuf Məmmədəliyevin elmi fəaliyyətinin müxtəlif istiqamətləri barədə tələbələrə ətraflı məlumat vermişdir. O, Məmmədəliyevin Azərbaycan kimya elminin inkişafında oynadığı həlledici roldan danışmış, onun rəhbərliyi altında aparılan tədqiqatların respublikanın sənaye potensialına verdiyi mühüm töhfələri qeyd etmişdir. Seminarın sonunda Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək akademikin 120 illiyi ilə bağlı fakültədə həyata keçirilən və qarşıda nəzərdə tutulan tədbirlər haqqında məlumat vermişdir. O, belə seminarların tələbələrin elmi dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyət daşıdığını bildirərək, bu istiqamətdə fəaliyyətlərin davam edəcəyini qeyd etmişdir.