IV Avraziya Forumu keçirilib
Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) 28-29 oktyabr 2021-ci il tarixlərində “Dəyişən Dünyada Ali Təhsil Müəssisələrinin Daxili Keyfiyyətinin Təminatı Sistemi" adlı mövzuda IV illik Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avraziya Forumu keçirtmişdir.
Forumun məqsədi universitet rəhbərləri, administratorları, professor-müəllim heyəti, tələbələr və marağı olan tərəflər arasında ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətini inkişaf etdirilməsi olmuşdur.
Forumun proqramında Qazaxıstan, Avstriya, Böyük Britaniya, Almaniya, İspaniya, Litva, Belçika, Estoniya, Azərbaycan və Rusiya Federasiyasının aparıcı universitetlərinin rektorları, prorektorları, nümayəndələri, eləcə də xarici akkreditasiya agentliklərinin nümayəndələri məruzələrlə çıxış ediblər.
Bu forumda Bakı Dövlət Universitetini professor Ülviyyə Həsənova təmsil edib. O, “BDU-nun Kimya fakültəsində tədrisin keyfiyyətinin qorunması üzrə tədbirlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə kimya fakültəsinin tələbə mərkəzli təhsilə böyük diqqət yetirdiyini qeyd etmişdir. Professor Ülviyə Həsənova elm və təhsilin bir-birilə vəhdətini diqqət mərkəzinə çəkərək, elmin təhsilə inteqrasiyasının və innovativ metodların “Tədqiqatın səmərəliliyinin artırılmasına”, “Təhsilin keyfiyyətinin yüksəldilməsinə” və “Biznes ilə əlaqələrin inkişafına və tətbiqi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması proseslərinə” müsbət təsirini vurğulamışdır.
Məruzədə akademik mobillik də diqqət mərkəzində olub. Beləki, bu təcrübə çox yüksək nəticələr verir, çünki mobillikdən sonra həm tələbələr, həm də müəllimlər əldə etdikləri təcrübəni uğurla tətbiq edirlər və bu da öz növbəsində həm təhsil, həm də elm sahəsində əməkdaşlığın artmasına səbəb olub.
Əməkdaşımızın təqdimatı böyük maraq doğurub və BDU-nun Kimya fakültəsində tədrisin keyfiyyətinin qorunub saxlanmasında faydalı təcrübənin olması tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.