Alimlərimizin məqaləsi Q3 kateqoriyalı jurnalında
Bakı Dövlət Universitetinin “Sənaye kimyası” tədqiqat laboratoriyasının (Ələkbər Hüseynzadə və Ülviyyə Həsənova) və “Mikrobiologiya və virusologiya” laboratoriyasının (Aygün İsrayılova) əməkdaşlarının məqaləsi “Journal of Molecular Structure” jurnalında (İF=3.196, Q3) çap olunub. Tədqiqat işi 9-fenantrenkarboksialdehid əsasında yeni dihidropirimidinin Bijinelli reaksiyası şəraitində sintezi və onun bioloji aktivliyinin tədqiqinə həsr olunub. Birləşmənin quruluşu Nüvə Maqnit Rezonans (NMR) və kütlə-spektroskopiya (mass) üsulları ilə tədqiq olunmuşdur. Bundan əlavə, qeyd olunan birləşmənin monokristalları alınmış və rentgen şüalarının difraksiyası üsulu (SC-XRD) və Hirşfeld səth analizi metodları ilə də tədqiq olunmuş və kristal quruluşda müxtəlif qeyri-kovalent əlaqələr müşahidə olunmuşdur. Bioloji aktivlik S. aureus, E. coli, A. baumannii, P. aeruginosa, və K. pneumonia bakteriyalarına qarşı tədqiq edilmiş və müsbət nəticələr əldə edilmişdir. Həmçinin, birləşmənin aktivliyi məlum antibiotiklərin (sefotaksim və seftriakson) aktivliyi ilə də müqayisə edilmiş və sintez olunan birləşmənin qeyd olunan antibiotiklərlə müqayisədə daha aktiv olduğu müəyyən olunmuşdur. Bioloji aktivliyi izah etmək üçün in silico tədqiqatlar da yerinə yetirilmişdir. Məqalənin tam mətni ilə aşağıda verilən linkdə tanış ola bilərsiniz.