AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ustad dərsi keçirib

Kimya fakültəsində akad. Yusif Məmmədəliyev auditoriyasında keçirilən növbəti ustad dərsində AR ETN Kimya İnstitutunun “Elmə dəstək” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı "Topoloji izolyatorlarin kimyasi və materialşünasliğinin bəzi məsələləri" mövzusunda elmi məruzə ilə çıxış edib. Prof. M.Babanlı bildirib ki, son illərdə kimya, fizika və materialşünaslığın qovşağında multidissiplinar elmi araşdırmaların prioritet istiqamətlərindən biri yeni nəsil qeyri-üzvi funksional materialların – topoloji izolyatorların yaradılması və tədqiqidir: "Topoloji izolyator materiyanın xüsusi kvant halı olub özünü həcmdə izolyator kimi apardığı halda, səthdə yüksək spinpolyarlaşmış keçiriciliyə malikdir. Bu qeyri-adi hadisə topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronikanın – spintronikanın və topoloji kvant kompüterlərinin yaradılmasına geniş imkanlar açır. Bu materialların, həmçinin tibbdə və təhlükəsizlik sistemlərində istifadə olunan "terahers" detektorlarda və kvant kompütinqi əsasında işləyən digər yeni nəsil cihaz və qurğularda istifadə olunacağı gözlənilir". Prof. M.Babanlı ölkəmizdə qeyri-üzvi materialşünaslıq sahəsində 50 ildən artıqdır elmi-tədqiqat işləri aparıldığını və güclü elmi məktəb yarandığını qeyd edib. Topoloji izolyator materialları sahəsində sistemli tədqiqatların 2011-ci ildən aparıldığını deyən məruzəçi bu müddətdə Azərbaycan alımlərinin Avropa Birliyinin və Yaponiyanın topoloji izolyatorların nəzəri və təcrübi tədqiqi ilə məşğul olan aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əlaqələr qurulmasını qeyd etdi. Məruzəçi vurğuladı ki, əməkdaşlıq illərində aparılan birgə tədqiqatların nəticələri Web of Science sisteminə daxil olan yüksək impakt faktorlu jurnallarda çap edilmiş 30-dan artıq elmi məqalədə öz əksini tapıb. Prof. M.Babanlı qeyd etdi ki, 2019-cu ildə antiferromaqnit topoloji izolyatorların kəşfinə həsr olunmuş “Prediction and observation of the antiferromagnetic topological insulator” adlı Azərbaycan və beynəlxalq alimlərinin birgə məqaləsi Nature jurnalında çap olunmuşdur. Bu məqalə 2023-cü ildə Pekində keçirilən və fundamental elmlərə həsr olunmuş International Congress of Basic Science (ICBS) beynəlxalq elmi konqresdə “Frontiers of Science Award” elmi mükafata layiq görülmüşdür və son 5 ilin ən yaxşı məqaləsi kimi qiymətləndirilmişdir. Məqaləyə bu günədək ümumilikdə 1137 istinad edilmişdir. Məruzə dinlənildikdən sonra iştirakçılar tərəfindən verilən çoxsaylı suallar prof. M.Babanlı tərəfindən cavablandırıldı.