Analitik kimya kafedrasında elmi seminar keçirildi
25.12.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakultəsinin Analitik kimya kafedrasının əməkdaşı, məruzəçi doktorant Əfəndiyeva Nərmin Tofiq qızının “Gümüşün bəzi sintetik sorbentlərlə qatılaşdırma metodlarının işlənilməsi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan dekan müavini Farid Nağıyev iştirakçıları salamlamış, kafedralarda görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Əfəndiyeva Nərmin Tofiq qızı yeni sintetik sorbentlərin sintezi, onların gümüş(I)-ə qarşı optimal xarakteristikalarının: pH-ın, metal ionunun ilkin qatılığının, zamanın, ion qüvvəsinin təsiri, həmçinin sintetik sorbentlərin reaktivlə modifikasiya edilməsi, udulmuş gümüş ionlarının desorbsiya prosesini və sorbentlərin tətbiq imkanlarının müəyyənləşdirilməsi haqqında geniş məlumat vermişdir. Alınan sorbentlərin strukturu İQ-spektroskopiya, UB-spektroskopiya və termoqravimetrik analiz metodları ilə öyrənilmişdir. Adsorbentin gümüş ionları ilə qarşılıqlı təsirini öyrənmək üçün Lenqmür, Freyndlix və Dubinin-Raduşkeviç adsorbsiya izotermləri tədqiq edilmişdir. Adsorbsiya prosesinin mexanizmini təsvir etmək üçün Lagerqren və Ho və Makkey kinetik modellərindən istifadə edilmişdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.