Analitik kimya kafedrasında elmi seminar keçirildi

26.11.2025-ci il tarixində Analitik kimya kafedrasının doktorantı İmaməliyeva Ayten Asiman qızı tərəfindən “Gümüş nanohissəciklərinin analitik kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilmişdir. Seminar zamanı gümüş nanohissəciklərinin alınma üsulları, onların quruluş və səth xüsusiyyətləri, nanoölçüyə məxsus xüsusi fiziki-kimyəvi davranışları, səth plazmon rezonansı effekti və bu xüsusiyyətlərin analitik kimyada tətbiq potensialı haqqında ətraflı məlumat verilmişdir. Məruzədə həmçinin gümüş nanohissəciklərinin müxtəlif üzvi reagentlərlə, xüsusilə bis-(2,3,4-trihidroksifenilazo)benzidin reaktivi ilə kompleks əmələ gətirmə mexanizmi, komplekslərin sabitliyinə CTAB səthi–aktiv maddəsinin təsiri geniş şəkildə izah olunmuşdur. Sintez olunmuş sistemlər üzərində aparılan UV-Vis, IR, XRD və SEM tədqiqatlarının nəticələri təqdim edilmiş, nanohissəciklərin optik xassələri, kristal quruluşu, morfoloji görünüşü və element tərkibi haqqında əldə olunan məlumatlar elmi baxımdan şərh edilmişdir. Seminarda göstərilmişdir ki, AgNP–reaktiv komplekslərinin formalaşması absorbsiya spektrində dəyişikliklərlə müşayiət olunur, XRD tədqiqatları kristal fazaların yaranmasını təsdiqləyir, SEM görüntüləri isə hissəciklərin nanoölçülü və məsaməli quruluşa malik olduğunu nümayiş etdirir. Bu nəticələr əsasında məruzədə gümüş nanohissəciklərinin müxtəlif metal ionlarının — xüsusilə Fe³⁺, Cu²⁺ və digər analitik əhəmiyyətli ionların fotometrik təyinatında yüksək həssaslıq və seçicilik təmin etdiyi vurğulanmışdır.