“Analitik kimya” kafedrasında elmi seminar keçirilib
11 aprel 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi “Analitik kimya” kafedrasında “Tərkibində U(VI) və Th(IV) mərkəzləri olan, malein anhidridi-stirol və malein anhidridi-metakril turşusu sopolimeri əsaslı koordinasion polimerlər: sintezi, quruluşu, sorbsiya xassələri” mövzusunda elmi seminar keçirilmişdir.
Məruzəçi, kafedranın saathesabı müəllimi Fidan Bəhmənova uran(VI) və torium(IV) ionlarının malein anhidridi-stirol və malein anhidridi-metakril turşusu sopolimeri əsaslı sorbentlər vasitəsilə qatılaşdırılaraq təyini üsulları haqqında məlumat vermişdi. Tədqiqat zamanı istifadə olunan sorbentlərin sintezi haqqında danışılmışdır. Sintez olunmuş sorbentlərin tərkibi, quruluşu və fiziki-kimyəvi xarakteristikaları müxtəlif fiziki-kimyəvi analiz metodları ilə təyin edilmişdir. Polimer xelatəmələgətirici sorbentlərlə uran(VI) və torium(IV) ionlarının qatılaşdırılaraq ayrılmasının səmərəliliyini göstərmişdir. İşlənib hazırlanan metodikalar uran(VI) və torium(IV) ionlarının müxtəlif təbii və sənaye obyektlərində qatılaşdırılaraq təyini üçün tətbiq olunmuşdur.
Çıxışdan sonra Famil Çıraqov, Farid Nağıyev, Rizvan Abdullayev, Xəlil Nağıyev məruzəçiyə müxtəlif suallarla müraciət etmişlər. Maraqlı müzakirələrdən sonra elmi seminar öz işini yekunlaşdırmışdır.