“Anım günümüz, Qürur günümüz” adlı tədbir keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Anım günümüz, Qürur günümüz” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək müasir Azərbaycan Ordusunun gücündən, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və igidlik nümunəsi göstərmiş əsgər və zabitlərimizin şərəfli döyüş yolundan bəhs etmiş, həmçinin dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını vurğulamışdır. O, eyni zamanda şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu xüsusi qeyd etmişdir.
44 günlük Vətən müharibəsində iştirak etmiş, Kimya fakültəsinin III kurs tələbəsi, II Qarabağ müharibəsi qazisi Namiq Əmənov çıxış etmişdir. O, çıxışında vətən müharibəsi ilə bağlı şəxsi təəssüratlarını bölüşmüşdür. Fakültənin III kurs tələbəsi Nəzrin Ağazadə şəhidlərin xatirəsinə həsr olunmuş şeir səsləndirmişdir.
Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.