Aytən Səfərovanın təqdimatında elmi seminar
20 fevral 2023-cü il tarixində Kimya fakültəsində Üzvi kimya kafedrasının sabiq doktorantı, “Zərif üzvi sintez” elmi tədqiqat laboratoriyası, k.e.i. Aytən Səfərovanın “İki, üç və dördəvəzli pirroların sintezi və xassələrinin tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Səfərova Aytən qeyd etmişdir ki, pirrollar hemoqlobin, xlorofil, bilirubin, biliverdin kimi bir çox təbii makrotsikllərin və bəzi dərman maddələrinin tərkib hissəsi olduğundan onların yeni törəmələrinin sintezinə maraq artmışdır. Müxtəlif əvəzli yeni pirrol törəmələrinin sintezi, mühitin və müxtəlif parametrlərin aparılan reaksiyalara təsiri, molekulyar yod, Y(Otf)3, BF3 O(C2H5)2 kimi katalizatorların effektivliyi ətraflı müzakirə edilmişdir. Alınmış yeni pirrol törəmələri antimikrob, antifunginal, antivirus xassələri göstərdiyindən tibbdə dərman, eləcə də optiki elektronika və elektrik sənayesində sensorların və fotonstabilizatorların hazırlanmasında əvəz olunmaz xüsusi materiallar kimi tətbiq oluna bilər.
Aytən Səfərova geniş məruzə ilə çıxış edərək bildirimişdir ki, alınan yeni pirrol törəmələrinin molekulyar dokinq analizləri aparılmışdır, onlar AChE və α-gly fermentlərinin inhibitorları kimi əhəmiyyətli birləşmələrdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.