Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12.11.2025-ci il tarixində Kimya fakültəsində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin hüquqi, siyasi və ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbulunda misilsiz rol oynamış, dövlətimizin hüquqi əsaslarının formalaşmasına rəhbərlik etmişdir. Onun uzaqgörən siyasəti nəticəsində qəbul edilən Konstitusiya bu gün də Azərbaycan Respublikasının davamlı inkişafının, insan hüquq və azadlıqlarının qorunmasının, hüquqi və demokratik dövlətin qurulmasının əsasını təşkil edir. Dekan müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək, Konstitusiyanın prinsiplərinə əsaslanan müasir, güclü və ədalətli Azərbaycan dövlətinin daha da möhkəmlənməsi istiqamətində böyük işlər görür. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquqi mədəniyyətin və vətəndaş məsuliyyətinin artmasına mühüm töhfə verir. Konstitusiyanın qəbulunun ölkəmizin müstəqillik tarixində xüsusi mərhələ təşkil etdiyi, insan hüquq və azadlıqlarının təminatında əsas hüquqi baza rolunu oynadığı qeyd edilib. Tədbirdə tələbələr tərəfindən Konstitusiyanın əhəmiyyəti, vətəndaş cəmiyyəti quruculuğundakı rolu və dövlətçilik prinsiplərinin möhkəmlənməsinə verdiyi töhfələr barədə maraqlı çıxışlar və təqdimatlar səsləndirilib. Konstitusiya Gününün gənclər arasında hüquqi biliklərin artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından önəmi vurğulanıb.