“Baharın rəngləri” adlı bayram tədbiri keçirildi
16 Mart 2026 12:22

Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU Könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə “Baharın rəngləri” adlı bayram tədbiri keçirildi. Tədbirin məqsədi milli dəyərlərimizi və Novruz ənənələrini tələbələr arasında təbliğ etmək, baharın gəlişini birlik və sevinc içində qeyd etmək idi. Tədbir rəsmi hissə ilə başladı. Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra fakültənin dekanı Fuad Kərimli və Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Novruz bayramının milli-mədəni əhəmiyyətindən və bu bayramın xalqımızın həyatında tutduğu mühüm yerdən bəhs etdilər. Bədii hissə “Baharın oyanışı” adlı səhnəciklə davam etdi. Səhnəcikdə aparıcı, Keçəl, Kosa, Bahar qız və Qar qız obrazları baharın gəlişini simvolik şəkildə canlandırdılar. Ardınca tələbələrin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olundu. “Səməni” rəqsi, “Tar kamanım”, “Arşın mal alan” filmindən mahnı, “Fəridəm” və “Yallı” rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbir çərçivəsində “Gülür ellər”, “Həyat bayram olsa”, “Bayram axşamlarında”, “Novruz gəlir, yaz gəlir” kimi mahnılar da səsləndirildi. Həmçinin “Arşın mal alan” filmindən “Qızların rəqsi” və digər rəqs nömrələri proqramı daha da rəngarəng etdi. Sonda bütün iştirakçıların iştirakı ilə “Yallı” rəqsi ifa olundu və tədbir bayram əhval-ruhiyyəsi ilə yekunlaşdı. “Baharın rəngləri” tədbiri tələbələrin yaradıcılıq potensialını nümayiş etdirməklə yanaşı, Novruz bayramının sevincini və milli ənənələrimizi bir daha yaşatdı.
Son XƏBƏRLƏR
13.03.2026 | 14:00
Fiziki və kolloid kimya kafedrasının magistrantının elmi seminarı keçirildi
12.03.2026 | 10:47
Kimya fakültəsində intellektual yarış təşkil olunmuşdur
11.03.2026 | 10:23