Bakı Dövlət Universitetində “Kriminalistika: Kimyanın pəncərəsindən” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Kriminalistika: Kimyanın pəncərəsindən” adlı maarifləndirici elmi seminar təşkil olunub. Tədbirin məqsədi kimya elminin kriminalistika sahəsində tətbiq imkanları, kimyəvi analizlərin cinayət araşdırmalarında rolu və elmi tədqiqatların praktik əhəmiyyəti barədə tələbələrdə geniş təsəvvür formalaşdırmaq olub. Seminar zamanı kriminalistik analizlərin əsas istiqamətləri, maddi sübutların kimyəvi üsullarla təhlili, barmaq izlərinin, qan ləkələrinin, partlayıcı və zəhərli maddələrin izlərinin kimyəvi identifikasiyası kimi mövzular ətraflı şəkildə müzakirə edilib. Tədbirdə Kimya fakültəsinin II kurs tələbəsi Mətanət Dadaşova məruzə ilə çıxış edərək kriminalistik kimyanın elmi əsasları, müasir analiz metodları və bu sahədə istifadə olunan instrumental texnologiyalar barədə iştirakçılara məlumat verib. Məruzəçi, həmçinin real tədqiqat nümunələri üzərindən kimyanın cinayət araşdırmalarında oynadığı mühüm rolu diqqətə çatdırıb. Seminar interaktiv müzakirələrlə davam edib, tələbələr kriminalistika və analitik kimyanın kəsişmə nöqtələri ilə bağlı suallar səsləndirərək fikir mübadiləsində iştirak ediblər.