Bakı Dövlət Universitetində “Xarıbülbül” rəsm sərgisi
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” adlı rəsm sərgisinin açılışı keçirilib. Tədbirdə fakültə dekanlığı, professor-müəllim heyəti, tələbələr, Tələbə Gənclər Təşkilatının fəalları iştirak ediblər. Tədbiri giriş sözü ilə Kimya fakültəsinin dekanı Fuad Kərimli açaraq, zəfər gününün Azərbaycan xalqının tarixindəki mühüm yerindən, bu qələbənin Azərbaycan ordusunun və xalqının birliyi sayəsində əldə olunmasından danışıb. O, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb və tələbələrin belə təşəbbüslərlə milli ruhu yaşatmaqda mühüm rol oynadıqlarını qeyd edib. Sərgidə Kimya fakültəsinin tələbələri tərəfindən hazırlanmış rəsm əsərləri nümayiş olunur. Əsərlərdə Qarabağ təbiətinin gözəlliyi, Şuşa şəhərinin simvolu olan xarıbülbül gülü, qəhrəman şəhidlərimizin xatirəsinə həsr edilmiş mənəvi motivlər və vətən sevgisini əks etdirən kompozisiyalar yer alır.Qonaqlar tələbələrin təqdim etdiyi əsərlərlə tanış olub, onların ideya və bədii baxımdan yüksək səviyyədə hazırlandığını qeyd ediblər. Fakültə rəhbərliyi gənclərin bu cür təşəbbüslərinin həm yaradıcılıq potensialının, həm də milli-mənəvi dəyərlərə sadiqliyinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, sərgi Zəfər gününün əhəmiyyətini gənclər arasında daha dərindən təbliğ etmək, eyni zamanda, tələbələrin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq məqsədilə təşkil olunub. Sərgi bir həftə ərzində Kimya fakültəsinin foyesində nümayiş olunacaq.