Bakı XI Beynəlxalq Kitab Sərgisinə ekskursiya təşkil olunub
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə fakültə tələbələrinin iştirakı ilə Bakı XI Beynəlxalq Kitab Sərgisinə ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi tələbələr arasında oxu mədəniyyətini təbliğ etmək, onların dünyagörüşünü genişləndirmək, elmi və mədəni biliklərini artırmaqdan ibarət olub. Sərgi çərçivəsində tələbələr yerli və xarici nəşriyyatların, kitab mağazalarının, təhsil və mədəniyyət müəssisələrinin stendləri ilə tanış olublar. Onlar müxtəlif sahələrə aid – klassik və müasir ədəbiyyat nümunələri, həmçinin elm, kimya və texnologiya istiqamətində yeni nəşrlərlə yaxından maraqlanıblar. Tələbələr ekskursiyanın maarifləndirici və motivasiyaedici xarakter daşıdığını qeyd edərək, kitabların insanın düşüncə dünyasının formalaşmasında, elmi və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıblar. TGT nümayəndələri bu kimi tədbirlərin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual və mədəni inkişafına dəstək verilməsi baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Ekskursiyanın sonunda tələbələr sərgi zalında xatirə şəkli çəkdirib, gələcəkdə də bu kimi maarifləndirici və mədəni xarakterli tədbirlərin davam etdirilməsini arzuladıqlarını bildiriblər.