Bayram tədbiri keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Kimya könüllüləri, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə” tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 31 dekabr xalqımızın tarixində ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün mənəvi ehtiyaca çevrilib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər Cənab Prezident İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyəti, xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı nəticəsində əldə edildi. 44 günlük Vətən müharibəsində xarıcdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fədakarlıq düşmən üzərindəki şanlı qələbəmizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdirməklə bərabər, milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Tədbirdə Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev, Analıtik kimya kafedrasının dosenti Rizvan Abdullayev, birinci kurs tələbəsi Dəniz Seydəliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarıxindən, Ulu Öndər Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsindəki müstəsna xidmətindən, bu əlamətdar tarixi günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq istiqamətindəki mühüm əhəmiyyətindən bəhs etdilər.Tədbirdə fakültənin I kurs tələbəsi Nailə Tağıyeva "Həmrəylik Günü" mövzusunnda şeir səsləndirdi. Tədbirin sonunda I kurs tələbəsi Fidan Abbaszadənin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü haqqında hazırladığı videoçarx və tələbələr tərəfindən hazırlanmış musiqili proqram təqdim olunub.