BDU-da yaz imtahan sessiyası başlayıb
İyunun 5-dən Bakı Dövlət Universitetində (BDU) 2022-2023-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 5-dək davam edəcək.
Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.
Bakalavriatura səviyyəsində 704 qrup uzrə 15 mindən çox, magistratura səviyyəsində 240 ixtisaslaşma üzrə 1000-ə yaxın tələbə imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-ci il iyul ayının 6-dan 12-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.