BDU-da yaz imtahan sessiyası başlayıb
İyunun 2-dən Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.
Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və saat 14:00-17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.
Kimya fakültəsində bakalavriat səviyyəsində 36 qrup üzrə 794-dən çox tələbə, magistratura səviyyəsində 17 ixtisaslaşma üzrə 57 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-cü il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.