BDU-nun Kimya fakültəsi tələbələri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə fakültə tələbələrinin universitetin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində muzeyin əməkdaşı Afət Seyidzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycanın inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verib. O, Ulu Öndərin dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin sosial-iqtisadi tərəqqisində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi əvəzsiz xidmətləri xüsusi vurğulayıb. Afət Seyidzadə muzey eksponatları üzərində təqdimat apararaq tələbələrə Ümummilli Liderin zəngin irsini tarixi sənədlər, arxiv fotolar və şəxsi əşyalar vasitəsilə ətraflı şəkildə təqdim edib. Tələbələr Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində gördüyü işlərə dair maraqlı faktlarla tanış olublar. Ziyarət zamanı gənclər Azərbaycan tarixində silinməz iz qoymuş bu böyük şəxsiyyətin ömür yolunu daha yaxından öyrənmək imkanı qazanıblar. Tədbir iştirakçıları belə görüşlərin gənclərdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin və dövlətçilik ideyalarının möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Qeyd olunub ki, bu kimi layihələr tələbələrin elmi biliklərinin artırılmasına xidmət etməklə yanaşı, onlarda milli kimlik və vətəndaşlıq şüurunun formalaşmasına da töhfə verir.