Beynəlxalq Konfrans yekunlaşdı
30.09.2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində akademik Rəfiqə xanım Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfransın bağlanış mərasimi keşirilmişdir. İki gün davam edən konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.
Konfransda 16 ölkədən (Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan), həmçinin ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçılar iştirak etmişdir. Konfransda 4 bölmədə, analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans bölmələrdə (317 sayda) məruzələrin dinlənilməsi, sualların cavablandırılması ilə yekunlaşmışdır.