Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi
Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov tədbiri açıq elan etmiş və əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb. O, bidirmişdir ki, Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.
Müəllim olmaq – bilik verməkdən çox daha böyük və zəhmətlidir. Müəllimlər hər gün öz ömürlərini şagirdlərinin gələcəyi uğrunda sərf edirlər. Müəllimlik – təkcə peşə deyil, eyni zamanda bir həyat yoludur, insan ömrünü başqalarının uğuruna sərf etməyin ən ali nümunəsidir. Fakültənin tələbələri “Müəllimlik zirvəsi” adlı bədii-ədəbi kompozisiya nümayiş etmişlər, Rəvanə Quliyeva müəllimlərə həsr etdiyi şeirini ifa etmişdir. Tədbir videoçarxın nümayiş olunması ilə sona çatmışdır.