Birinci kursa qəbul olmuş tələbələr ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin Kimya fakültəsində 2025/2026-ci tədris ilində birinci kursa qəbul olmuş tələbələr ilə görüş keçirilib. Tədbiri fakültənin dekanı Fuad Kərimli açıq elan edərək tələbə adını qazanmış gəncləri təbrik edərək bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir. O, çıxışında fakültənin elmi mühiti, professor-müəllim heyətinin peşəkarlığı, tədrisin təşkili, fakültənin sosial və ictimai həyatda qazandığı nailiyyətlər haqqında tələbələrə ətraflı məlumat verib. Dekan həmçinin son illərdə universitetdə həyata keçirilən islahatlar, keyfiyyətli təhsil üçün yaradılan müasir infrastruktur və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə danışıb. Fuad Kərimli vurğulayıb ki, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə universitetin maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir və tələbələrin şəffaf mühitdə yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar yaradılır. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edən dekan daha sonra birinci kurs tələbələrini dekan müavinləri və kafedra müdirləri, tələbə təşkilatlarının rəhbərləri ilə tanış edib.