Doktorantımız İtaliyada konfransda
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakultəsinin Üzvi kimya kafedrasının doktorantı Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience and Nanotechnology 2023” konfransında iştirak edib. Günel Əliyeva konfransda “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” (“Surface functionalization of graphene oxide nanolayers with Schiff bases based on non-covalent interactions”) adlı məruzə ilə çıxış edib. Məruzəyə təqdim edilən tədqiqat işində qrafen oksidin sintezi və müasir fiziki-kimyəvi tədqiqat üsulları vasitəsilə tədqiqi haqqında məlumat verilib. Qeyd etmək lazımdır ki, Günel Əliyevanın konfransda iştirakı Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Məsaməli yarımkeçiricilər və oksidlər üzrə tədqiqat, innovasiya və məhsul inkişafı şəbəkəsi (NETPORE)” (Action CA20026) adlı layihəsinin “ITCs Conference Grant” (“Inclusive Target Countries”) qrantı tərəfindən həyata keçirilmişdir. Qrant müsabiqənin qalibi olan Günel Əliyeva məruzənin sonunda “Məsaməli yarımkeçiricilər və oksidlər üzrə tədqiqat, innovasiya və məhsul inkişafı şəbəkəsi (NETPORE)” (Action CA20026) proyekti və “ITCs Conference Grant” (“Inclusive Target Countries”) qrantı haqqında məlumat vermişdir.