Doktorantımız xaricdə tədqiqat təcrübəsi keçir
BDU-nun Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı, istedadlı gəncimiz Tahir Cavadzadə Avropa İttifaqının 2019-2023-cü illər üzrə nəzərdə tutulan “Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş 3-cü pillə ali təhsilə dəstək məqsədilə yaradılan innovativ təlim mərkəzi” (ITACA) proqramı çərçivəsində İtaliyanın La Sapienza Roma Universitetinin Ingegneria Chimica Materiali Ambiente bölümündə müxtəlif tullantı materiallarından təbii sorbentlərin alınması və onlardan çirkab sulardan orqanik və anorqanik maddələrin təmizlənməsi üçün istifadə imkanlarının tədqiqi mövzusunda elmi tədqiqat aparır. Qeyd edək ki, ITACA layihəsi (2019-2023) universitet və sənaye arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək üçün Avropa İttifaqı və yerli qurumların, eləcə də neft və qaz hasilatının ətraf mühitə təsiri sahəsində fəaliyyət göstərən müəssisələrin cəlb olunması ilə Təlim Mərkəzinin layihələndirilməsi və qurulmasını nəzərdə tutur.