Əhməd İsmayil oğlu Əhmədovun 85 yaşı tamam olub
"Qeyri-üzvi materialşünaslıq" elmi-tədqiqat laboratoriyasının, kiçik elmi işçisi Əhməd İsmayil oğlu Əhmədovun 2025-ci il mart ayının 7-də 85 yaşı tamam olub. Əhməd Əhmədov 07 mart 1940-cı ildə Qərbi Azərbaycanın İcevan rayonu Salah kəndində anadan olub. 1959-cu ildə Salahlı orta məktəbi bitirib. 1963-1968-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb. 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışıb. Əmək fəaliyyətini 1969-1979-cu illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin problem laboratoriyasında mühəndis, kiçik elmi işçi kimi davam etdirib. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi adı alıb. 1997-2017-ci illərdə Bakı Dövlət Universitetinin Tədris hissəsində II dərəcəli istehsalat təcrübə müdiri, 2017-2019-cu illərdə Bakı Dövlət Universitetinin Karyera, praktika və məzunlarla əlaqə mərkəzində II dərəcəli istehsalat təcrübə müdiri vəzifələrində çalışıb. 2019-cu ildən Bakı Dövlət Universitetinin kimya fakültəsi, "Qeyri-üzvi materialşünaslıq" elmi tədqiqiat laboratoriyasının kiçik elmi işçisidir. 2009-cu ildə “Bakı Dövlət Universitetinin 90 illiyi” Fəxri fərmanı ilə təltif olunub. O, nümunəvi davranışı, pedaqoji ustalığı, nizam-intizamı ilə tələbələrin və kimya fakültəsinin kollektivinin dərin hörmətini qazanmışdır. Hörmətli Əhməd müəllimi Kimya fakültəsinin kollektivi adından doğum günü münasibətilə təbrik edir, can sağlığı və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik.