Elgül Abdullayevanın 75 yaşı tamam olur
Kimya fakültəsinin “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasnın dosenti, k.e.n. Elgül Əliağa qızı Abdullayevanın bu il may ayının 9-da anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 30 ili tamam olur.
Elgül Əliağa qızı Abdullayeva 1970-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Kimya fakültəsinin “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası üzrə aspiranturaya daxil olmuşdur. O, apardığı elmi tədqiqat işlərinin müəyyən hissəsini Macarıstanın Budapeşt şəhərində yerinə yetirmişdir. 1974-cü ildə aspiranturanı bitirdikdən sonra həmin kafedrada əmək fəaliyyətini davam etdirmişdir. 1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi adını almışdır.
Elgül Əliağa qızı Abdullayeva 2008-ci ildən Bakı Dövlət Universitetinin “Yüksəkmolekullu birləşmlər kimyası” kafedrasında əvəzçi dosent, 2010-cu ildən 0,5 ştat dosent vəzifəsində, 2012-ci ildən isə tam ştat dosent vəzifəsində çalışır. O, bir dərslik, 3 patentin, bir müəlliflik şəadətnaməsinin, 90-dan artıq məqalə və tezislərin həmmüəllifidir. Elgül Əliağa qızı Abdullayeva uzun illərdi işlədiyi kollektivdə hamının rəğbətini qazanmışdır.
Elgül xanımı 75 yaşının tamam olması münasibətilə kimya fakültəsinin kollektivi adından təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzu edirik.