Əliağa Şıxlinski adına 135 saylı tam orta məktəbdə “Kimya gecəsi” tədbiri
5 may 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri Əliağa Şıxlinski adına 135 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kimya gecəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
135 saylı məktəbin direktoru Şəfa Qurbanova tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və bu tədbirin 135 saylı məktəb üçün əhəmiyyəti, BDU-nun Kimya fakültəsinin IV kurs tələbələrinin təcrübə müddətindəki nümunəvi davranışı və yüksək səviyyədə apardığı açıq dərslər haqqında məlumat verdi.
Kimya fakultəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov tədbir iştirakçılarına fakültənin dekanı Fuad Kərimlinin səmimi arzularını çatdırdı. Ümumimilli Lider Heydər Əliyevin Respublikamızda elm və təhsilin inkişafına xüsusi diqqət ayırdığını qeyd etdi. Bu gün təşkil olunmuş tədbirin Bakı Dövlət Universitetinin Kimya fakültəsinin və 135 saylı məktəbin həyatında əlamətdar hadisə olduğunu vurğuları. Bakı Dövlət Universitetinin və Kimya fakültəsinin Respublikanın ictimai-siyasi həyatındakı mövqeyindən, fakültənin yetirmələrinin nailiyyətlərindən danışaraq şagirdlərə gələcəkdə ixtisas seçimi zamanı Kimya fakültəsini seçməyi tövsiyyə etdi.
“Kimyanın tədrisi metodikası” kafedrasının müdiri Xəlil Nağıyev ümumimilli Lider Heydər Əliyevin Respublikamızda bütün digər sahələr kimi kimya elminin və kimya sənayesinin inkişafına böyük töhvələr verdiyini, onun hakimiyyətinin ilk illərindən etibarən yüksək nailiyyət əldə etmiş gənclərin ali məktəblərin kimya ixtisası üzrə fakültələrinə daha önəm verdiyini, bunun da nəticəsində bütün dünyada tanınan kimyaçı kadrların hazırlandığını vurğuladı. Bu cür tədbirlərin Kimya elminin həyatımızda nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərməklə yanaşı, şagirdlərin bu elmə marağının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd etdi. Tədbirin təşkilində hər cür dəstək göstərən məktəbin rəhbərliyinə, müəllim və şagirdlərinə, təcrübəçi tələbələrə və tədbirin təşkilində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi.
Metodist müəllim Aynurə Ələkbərli çıxış edərək tədbir iştirakçılarına, məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdi. Bundan sonra Bakı Dövlət Universitetinin Kimya fakultəsinin tanıtım çarxı numayiş etdirilmişdir. Videoçarxda fakultənin tarixi, elmi, pedoqoji və sosial fəaliyyəti, kafedraları və alimləri haqqında məlumatlar verilmişdir. Daha sonra “Kimya gecəsi” kimyanın əyləncəli təcrübələri, şagirdlərin şeir, səhnəcik və musiqi nömrələri ilə davam etdirilmlşdlr. Tədbir iştirakçıları məktəbin IX sinif şagirdi Abbas Aslanovun ifasında “Qarabağ” mahnısını dinlədikdən sonra Kimya fakultəsinin təcrübəçi tələbələri və məktəbin şagirdləri tərəfindən “Süni vulkan”, “Süni qan”, “Fil dişi məcunu” və “Qızıl yağışı” kimyəvi təcrübələri nümayiş etdirilmişdir. Göstərilən təcrübələr tədbirdə iştirak edən qonaqlar, müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirin davamında məktəbin IX sinif şagirdi Abbas Aslanov və Şəkər Şəmiyevanın ifasında “Azərbaycan” mahnısı təqdim olunmuş, VII, VIII və IX sinif şagirdləri “Oksigenin allotropik şəkildəyişməsi” və “Mən kiməm” səhnəciklərini nümayiş etdirmiş, “Dövri sistem”, “Kimya” və “Elementlər” şeirləri dinlənilmiş, “Tapmacalar”, “Kimya haqqında maraqlı faktlar”, “Kimya haqqında məlumat” və “Kimyanın bölmələri” adlı oyunlar təqdim olunmuşdur. Məktəbin VI, VII və VIII sinif şagirdləri “Dilşadı” rəqsini ifa etdikdən sonra təcrübəçi tələbələr tərəfindən “Heydər Əliyev və kimya sənayesi” və “Azərbaycan kimyaçıları” mövzularıda məlumat xarakterli maraqlı məruzələr dinlənilmişdir.
Tədbirdə 135 saylı məktəbin müəllimləri, BDU-nun Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının əməkdaşı Esmira Rəsulova, kafedranın II kurs magistantları Ləman Cəfərova və Ayişə Həsənova iştirak etmişdir.
Tədbirin sonunda tədbirdə fəal iştirak edən şagirdlərə və təcrübəçi tələbələrə sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.