Elm günü ilə əlaqədar Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında elmi seminar keçirildi

Elm günü ilə əlaqədar Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının dosenti Balayeva Ofeliya Oqtay qızının “CuCdS2 və ZnCdS2 əsaslı polimer nanokompozitlərdə defekt strukturunun EPR üsulu ilə və dielektrik xassələrin kompleks tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tətbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri professor Rasim Alosmanov iştirakçıları salamlamış, ölkəmizdə “Elm günü” və təqdim ediləcək mövzunun əhəmiyyəti barədə məlumat vermişdir. Sonra Ofeliya Balayeva çıxışında yüksək kristallaşma dərəcəsi, əlverişli optik xassələr, termiki və mexaniki davamlılıq nümayiş etdirən CdS/FNK, ZnS/FNK, CuS/FNK, CdZnS2/FNK və CuCdS2/FNK nanokompozitlərin günəş panellərində, işığa həssas yarımkeçirici qurğularda və qaz sensorlarında tətbiq perspektivlərindən bəhs etmiş, bu materialların nanokimyanın praktik baxımdan mühüm istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bu sahədə aparılan tədqiqat işləri barədə ətraflı məlumat təqdim edilmişdir. Bildirmişdir ki, CuCdS2 və CdZnS2 üçlü birləşmələrinin nanokristallitləri SİLAR metodu ilə polimer matrisdə sintez olunmuş, nanohissəciklərin səthi defektləri və ölçü effektləri Elektron Paramaqnit Rezonansı (EPR), Rentgen difraksiyası (RD) və UB spektroskopiya metodları vasitəsilə qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, diamaqnit xassə göstərən Zn və Cd sulfidləri səth defektlər və nanoölçü effektləri nəticəsində paramaqnit mərkəzlər formalaşdırır. Yüksək maqnit sahəsində müşahidə olunan yeni siqnallar analiz edilmişdir. CdS/FNK nanokompozitində müşahidə olunan elektron-paramaqnit siqnalı geniş, sinqlet və asimmetrik olub izotrop simmetriyaya malikdir. CuCdS2/FNK üçün müəyyən edilmiş geniş qadağan olunmuş zonanın eni (~3.7 eV) nanohissəciklərin FNK-nın məhdud həcmində formalaşması və kvant ölçü effektləri ilə əlaqələndirilmişdir. Alınmış nanokompozitlərinin günəş panellərində, fotosensitiv yarımkeçirici qurğularda və qaz sensorlarında tətbiq imkanları qeyd edilmişdir. Eyni zamanda, geniş qadağan olunmuş zona eninə malik CuCdS2 nanohissəciklərinin yüksək enerjidə işləyə bilən enerji qurğularında, işıq yayan diodlarda (LED) və yarımkeçirici lazerlərdə perspektivli material kimi istifadə oluna biləcəyi vurğulanmışdır. Tədbir qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşmışdır.