Əməkdaşımız beynəlxalq tədbirdə iştirak etdi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Aynurə Kərimova “Elm və Texnologiya sahəsində Avropa Əməkdaşlığı” proqramının (COST – European Cooperation in Science and Technology) dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə iştirak etmişdir. “Məhdud molekulyar sistemlər: Yeni nəsil materiallardan ulduzlara qədər” (CA21101 – Confined Molecular Systems: From a New Generation of Materials to the Stars – COSY) adlı COST Action çərçivəsində təşkil olunan IV Ümumi Görüş 27-29 aprel 2026-cı il tarixlərində İspaniyanın Madrid şəhərində, İspaniya Milli Elmi Tədqiqatlar Şurasının (CSIC) Fundamental Fizika İnstitutunda keçirilmişdir. Tədbir çərçivəsində molekulyar sistemlərin məhdud mühitlərdə davranışının eksperimental və nəzəri tədqiqinə həsr olunmuş geniş elmi sessiyalar təşkil edilmiş, yeni materiallar, kataliz, biomolekulyar sistemlər, nanoquruluşlar kimi aktual istiqamətlər üzrə müzakirələr aparılmışdır. Görüşdə COSY proqramının beş İşçi qrupu üzrə təqdimatlar keçirilmiş, elmi əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradılmışdır. BDU-nun əməkdaşı Aynurə Kərimova tədbirdə “Fe3O4@Dekstran nanoquruluşlarında dərmanın məhdudlaşdırılmış təşkili: Nanodaşıyıcı-dərman nisbətinin təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə dekstranla örtülmüş Fe3O4 nanohissəcikləri əsasında dərman molekullarının nanodaşıyıcı ilə qarşılıqlı təsiri izah edilmişdir. Xüsusilə, nanodaşıyıcı-dərman nisbətinin sistemin quruluşuna və dərmanın yüklənmə xüsusiyyətlərinə necə təsir etdiyi müzakirə edilmişdir. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmış və verilən suallar məruzəçi tərəfindən cavablandırılmışdır.