Əməkdaşlarımızın məqaləsi xarici jurnalda
Bakı Dövlət Universitetinin “Sənaye Kimyası” tədqiqat laboratoriyasının (Ələkbər Hüseynzadə və Ülviyyə Həsənova) və Nanoaraşdırmalar mərkəzinin (Günel Əliyeva) əməkdaşlarının birgə məqaləsi “Journal of Molecular Structure” jurnalında (İF=3.841, Q3) çap olunub. Tədqiqat işində yeni 40, 68 və 72 üzvlü makroheterotsiklik birləşmələri sintez olunmuş və neyroblastoma xərçəng hüceyrə xəttinə qarşı tədqiq olunmuşdur. Sintez olunmuş birləşmələrin quruluşları Nüvə Maqnit Rezonans spektroskopiya, MALDİ kütlə spektrometriya və element analiz üsulları ilə tədqiq olunmuşdur. Molekulların xərçəngə qarşı aktivliyi MTT üsulu ilə 24, 48 və 72 saat ərzində səkkiz müxtəlif konsentrasiyada (1-100 μg/ml) neyroblastoma (SH-SY5Y) hüceyrə xəttində tədqiq edilmişdir. Bundan əlavə, RT-PCR üsulu ilə oksidləşdirici stress (GPX1, PRDX1, CAT, SOD1, NQO1) və DNT (ATR, ERCC1, CDKN1A, PRKDC) gen profilləri də tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, bütün sintez edilmiş birləşmələr 72 saat inkubasiyadan sonra ən yüksək aktivlik göstərmişdir. Eksperimental tədqiqatlarla yanaşı, nəzəri tədqiqatlar da aparılmışdır. String v11 proqramı oksidləşdirici stress və DNT mexanizmlərində iştirak edən zülalların digər zülallarla qarşılıqlı əlaqəsini müəyyən etmək üçün istifadə edilmişdir. Molekulyar dokkinq analizinin nəticələrinin təcrübələrlə yaxşı uyğunlaşdığı aşkar edilmişdir.