FAKÜLTƏ TƏLƏBƏSİ GƏNCLƏR FESTİVALINDA İŞTİRAK EDİB
Azərbaycan Respublikasının Gənclər Fondu, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən ölkənin ən böyük gənclər festivalı “Yay Fest” iki illik fasilədən sonra yenidən gəncləri sevindirib. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin fəal tələbəsi Sevinc Həsənova “Yay Fest” gənclər festivalında iştirak şansı qazanıb.
Şamaxı Astrofizika rəsədxanasında “Ulduzlara doğru” devizi ilə bir ay ərzində keçirilən festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” mövzularında baş tutub.
İştirakçılar Şamaxı rayonunda yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dövlətçilik, Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı təlimlərə qatılıblar. Festival müddətində gənclər düşərgə ərazisində hazırlanmış əyləncə sahələrində asudə vaxtlarını keçirib, mövzulara uyğun interaktiv təlimlərə qatılıb, qonaq qismində iştirak edən müxtəlif sahələrdən olan məşhur simalar və bloqerlərlə görüşlərdə iştirak ediblər. Gənclərin Vətən müharibəsinin iştirakçıları olan qazilərlə görüşləri keçirilib, peşəkar təlimçilərin hərbi-vətənpərvərlik və şəxsi inkişafla bağlı təlimlərinə cəlb olunublar. Həmçinin, iştirakçılar üçün Buğurt qalası və Çuxuryurd gölünə səfərlər təşkil olunub, onlar Astrofizika rəsədxanası ilə yaxından tanış olublar. Hər günün sonunda kino axşamları və məşhur ulduzlarla konsertlər təşkil edilib.