Fakültədə yeni elmi seminar keçirildi
04 dekabr 2023-cü il tarixində Kimya fakültəsində Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının doktorantı Nada Edresin «Butadien kauçuku və müxtəlif doldurucuların birgə kimyəvi modifikasiya ilə alınmış kompozitlərin sintezi və tədqiqi» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Nada Edres qeyd etmişdir ki, son illər sənaye polimerləri və doldurucular əsasında müxtəlif kompozitlərin hazırlanması, bu kompozitlərdə nanohissəciklərin formalaşdırılması istiqamətində geniş şəkildə tədqiqat işləri aparılır. Məruzəçi əvvəlcə butadien kauçukunun genişləndirilmiş perlit və texniki karbon iştirakında kimyəvi modifikasiyası haqqında məlumat vermişdir. Hazırlanmış kompozitlərin quruluşu, morfologiyası müasir tədqiqat üsulları ilə ətraflı öyrənilmişdir. Nəticələrə görə tətbiq edilən oksidləşdirici xlorfosforlaşma reaksiyası polimerin doldurucularla bircinsli kompozitlərinin alınmasını təmin edir. Bu kompozitlərdə fosfor-tərkibli turşu qruplarının olmasını əsas götürərək SİLAR metodu ilə ZnS hissəcikləri formalaşdırılmışdır. Nanohissəcikli kompozitlərin optiki, keçirici və antibakterial xassələri tədqiq edilmişdir. Alınmış nanokompozitlər enerji çevrilməsi və ekoloji məqsədlər üçün perspektivli materiallar kimi tətbiq oluna bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.