Famil Çıraqovun 65 yaşı tamam oldu
Bu gün Bakı Dövlət Universiteti Kimya fakültəsi Analitik kimya kafedrasının müdiri Çıraqov Famil Musa oğlunun 65 yaşı tamam olur. F.M.Çıraqov 1980-ci ildən BDU-nun Analitik kimya kafedrasında çalışır. 2006-cı ildən həmin kafedranın müdiri vəzifəsində çalışır.
Onun əsas elmi istiqaməti yeni üzvi reaktivlərin sintezi və onların metallarla əmələgətirdiyi kompleks birləşmələrinin quruluş və xassələrinin öyrənilməsindən ibarətdir. F.M.Çıraqov keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsini yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. O ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrinin quruluşu arasındakı asılılığı müəyyən etmişdir.
F.M.Çıraqovun Respublikada analitik kimyaçıların yetişdirilməsində böyük xidmətləri var. Onun rəhbərliyi altında analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr edilmiş 27 kimya üzrə fəlsəfə doktoru müdafiə etmiş və hazırda 3 nəfər doktor, 5 doktorant fəlsəfə doktoru üzrə işləyir. O Moska, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır. Onun rəhbərliyi ilə Tbilisi Dövlət Universitetində 2 kimya üzrə fəlsəfə doktoru müdafiə etmişdir.Elmi tədqiqat fəaliyyəti olaraq 500-dən çox elmi əsəri, o cümlədən 20 müəlliflik şəhadətnaməsi, 15 dərslik və dərs vəsaiti işıq üzü görmüş.
Kimya fakültəsi ailəsi olaraq əziz Famil müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona sağlam uzun ömür və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.