Faydalı Qazıntılar Muzeyinə ekskursiya təşkil olunub

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrin elmi dünyagörüşünü genişləndirmək və onlarda praktiki bilikləri möhkəmləndirmək məqsədilə universitet daxilində yerləşən Faydalı Qazıntılar Muzeyinə ekskursiya təşkil edib. Ekskursiyanın əsas məqsədi tələbələrin mineralogiya, geokimya və faydalı qazıntılar haqqında nəzəri biliklərini real nümunələr üzərində təkmilləşdirmək, eləcə də ölkəmizin mineral ehtiyatları barədə daha geniş məlumat əldə etmələrini təmin etmək olub. Muzeyin bələdçisi Eminova Aynur ekskursiya iştirakçılarına Azərbaycanda və dünyada geniş yayılmış faydalı qazıntı yataqları, mineralların fiziki-kimyəvi xüsusiyyətləri, onların sənayedə tətbiq sahələri barədə ətraflı məlumat verib. Tələbələr sərgidə nümayiş olunan müxtəlif növ filizlər, kristal nümunələri, nadir geoloji tapıntılar və karbonat, sulfid, silikat tərkibli minerallarla yaxından tanış olublar. Bununla yanaşı tələbələrə Azərbaycanın müxtəlif bölgələrində yerləşən mineral yataqları haqqında xüsusi məlumatlar təqdim olunub. Həmçinin ölkənin faydalı qazıntılar üzrə elmi-tədqiqat istiqamətləri və bu sahədə gələcək karyera imkanları barədə danışılıb. Ekskursiyanın sonunda tələbələr muzey ekspozisiyası qarşısında xatirə fotosu çəkdiriblər.