Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi

Bakı Dövlət Üniversitetinin Kimya fakültəsinində akademik Yusuf Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə Fiziki və kolloid kimya kafedrasının II kurs magistrant Mirzəyeva Ləman Zakir qızının “Alkilfenollar əsasında səthi aktiv birləşmələrin alınması” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarı Fiziki və kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov açıq elan edərək Yusuf Məmmədəliyevin elmi irsi, Azərbaycan kimya elminin inkişafında oynadığı müstəsna rol barədə məlumat verib. O, alimin neft kimyası, kataliz və üzvi sintez sahələrində apardığı fundamental tədqiqatların bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb. Daha sonra söz fakültənin dekanı Fuad Kərimliyə verilib. Fuad Kərimli çıxışında Y.Məmmədəliyevin elmi məktəbinin kimya elminədə yeni istiqamət yaratdığını və Azərbaycanda kimya elminin formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. O, bu cür tədbirlərin tələbələrin elmə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Eldar Əhmədov seminarda Yusuf Heydər oğlu Məmmədəliyevin həyat və yaradıcılığı haqda çıxış üçün kafedranın professoru Mirzai Cəbrayıl dəvət edib. Professor C. Mirzai məruzə ilə çıxış edərək qeyd etmişdir ki, akademik Yusif Heydər oğlu Məmmədəliyev Azərbaycan və ümumiyyətlə sovet kimya elminin ən görkəmli nümayəndələrindən biridir. Onun tədqiqatları neft kimyasının fundamental inkişafına, xüsusilə aromatik karbohidrogenlərin alkilləşməsi, aviasiya yanacaqlarının istehsalı, eləcə də hərbi məqsədli xüsusi tərkibli yanıcı qarışıqların hazırlanması kimi sahələrə əhəmiyyətli təsir göstərmişdir. 1950-ci illərdə Məmmədəliyevin elmi rəhbərliyi ilə strateji təyinatlı raketlər üçün xüsusi yanacaq komponentləri hazırlanmışdır. Yusuf Məmmədəliyev Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün çox işlər görüb, ali məktəblərdə yeni kafedralar və laboratoriyalar yaradılması üzrə ardıcıl işlər aparmışdır. Akademik Y.Məmmədəliyev Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) Neft Kimyası (indiki Neft kimyası və kimya texnologiyası) kafedrasını yaratmış və uzun illər həmin kafedraya rəhbərlik etmişdir. Y.Məmmədəliyevin ideyaları müasirlərimizin yaradıcı yolunda mayakdır. Akademikin dühası Azərbaycan elminin sərhədlərini çoxdan aşaraq bu gün də dünya elminə öz töhfələrini verməkdədir və xalqımız haqlı olaraq bu cür şəxsiyyətləri ilə fəxr edir. Görkəmli alimin yubileyləri həmişə yüksək səviyyədə qeyd olunmuşdur. 2005-ci ildə anadan olmasının 100 illiyi ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə UNESCO xətti ilə Parisdə bu qurumun iqamətgahında qeyd edilmişdir.Tədbirin davamı olaraq Mirzəyeva Ləman çıxışında səthi aktiv maddələrin kimya sənayesində tətbiq sahələri, onların yuyucu vasitələrdən tutmuş neft emalı, tekstil, kosmetika, boya və kənd təsərrüfatı kimyası kimi müxtəlif sahələrdə mühüm rol oynadığını və alkilfenolların səthi aktiv birləşmələrin sintezi üçün vacib xammal hesab olunduğunu bildirdi. O, bildirdi ki, strukturunda həm hidrofob alkil zənciri, həm də hidrofil fenol qrupu mövcuddur ki, bu da modifikasiya olunmuş alkilfenol törəmələrinin yüksək adsorbtiv və emulsiyalaşdırıcı qabiliyyətini təmin edir. Bu səbəbdən alkilfenol əsaslı SAM-ların alınması və xüsusiyyətlərinin öyrənilməsi müasir kimya texnologiyasının aktual istiqamətlərindən biridir. Tədbirin sonunda Yusuf Məmmədəliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayış olundu.