Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi

01.10.2026-cı il tarixində Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının doktorantı Məmmədova Xanımbacı Mahmud qızının “Nadir torpaq metalları ilə modifikasiya olunmuş ZSM-5 seoliti üzərində bioetanolun karbohidrogenlərə konversiyası” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi Məmmədova Xanımbacı qeyd etmişdir ki, bu işdə bioetanolun karbohidrogenlərə konversiyası üçün nadir torpaq metalları ilə modifikasiya olunmuş ZSM-5 seolit katalizatorlarının xüsusiyyətləri və katalitik aktivliyi tədqiq edilmişdir. ZSM-5 seolitinin turşu mərkəzlərinin və məsamə quruluşunun bioetanolun dehidratasiya və sonrakı oliqomerləşmə, siklləşmə və aromatlaşma reaksiyalarına təsiri araşdırılmışdır. Katalizatorun tərkibinə nadir torpaq metallarının daxil edilməsi nəticəsində onun turşuluğunun, səth xüsusiyyətlərinin və katalitik stabilliyinin dəyişməsi qiymətləndirilmişdir. Modifikasiya olunmuş katalizatorların bioetanolun çevrilmə dərəcəsinə, karbohidrogenlərin çıxımına və məhsulların seçiciliyinə təsiri müəyyən edilmişdir. Tədqiqatın nəticələri göstərir ki, nadir torpaq metalları ilə modifikasiya ZSM-5-in katalitik xassələrini tənzimləməklə bioetanoldan C₂–C₁₀ diapazonunda alifatik və aromatik karbohidrogenlərin alınması üçün effektiv katalitik sistemlərin yaradılmasına imkan verir. Əldə olunan nəticələr bərpa olunan xammal əsasında yanacaq və neft-kimya məhsullarının istehsalı baxımından perspektivli hesab edilə bilər. Elmi seminarda qarşılıqlı müzakirələr aparılmış, seminar sualların cavablandırması ilə yekunlaşmışdır.