Fiziki və kolloid kimya kafedrasında elmi seminarı keçirildi

Fiziki və kolloid kimya kafedrasının baş müəllimi Qəhrəmanova Şahnaz İsmayıl qızının “Müasir fizik-kimyəvi analiz metodları ilə keçid metal komplekslərinin tədqiqi” mövzusunda doktorant, magistr və kafedra əməkdaşlarının iştirakı ilə elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri Eldar Əhmədov iştirakçıları salamlamış, kafedrada görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Şahnaz Qəhrəmanova bildirmişdi ki, keçid metallarının (Mn(II), Co(II), Ni(II), Cu(II), Zn(II)) bioloji aktiv liqandlar ilə əmələ gətirdiyi kompleks birləşmələr sənayenin, kənd təsərrüfatının və tibbin müxtəlif sahələrində tətbiq olunur. Keçid metallarının (Mn(II), Co(II), Ni(II), Cu(II), Zn(II)) bioloji aktiv liqandlarilə kompleks birləşmələrinin [FeCl2L1L2]2H2O, [ZnCl2L1L2]2H2O, [MnL1L2Cl2]2H2O, [MnL1L2Cl2] və s. müxtəlif mühitlərdə sintez metodikaları işlənib hazırlanmışdır. Alınmış kompleks birləşmələrin tərkib və quruluşları kimyəvi, UB- və İQ-spektroskopiya, rentgen-faza, termoqravimetrik və s. tədqiqat metodlari ilə öyrənilmişdir. Element analizi (İCP-MS), ES və İQ-spektroskopiya (Nicolet IS10) (Thermo-scientific) firmasının cihazı ilə, termoqravimetrik tədqiqat metodları (DTA)-NETZSCH STA 449F3 STA449FSA-0622-M cihazı ilə və rentgen-faza analizi isə RFA(“D2 Phaser”, “Bruker”) (Almaniyanın firmasının avtomatik markalı difraktometrdə) öyrənilmişdir. Sintez olunmuş kompleks birləşmələrdə liqandın kompleksəmələgətirici ilə koordinasiyasının xarakterini müəyyənləşdirmək məqsədilə onlar İQ-spektral analiz üsulu ilə tədqiq edilmişdir. Sərbəst liqandın İQ-spektri ilə müqayisədə alınmış komplekslərin spektrlərində nəzərə çarpacaq dərəcədə dəyişiklik müşahidə olunur. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.