Fiziki və kolloid kimya kafedrasının II kurs magistrantının elmi tədqiqat işi təqdim edildi

15.12.2025-ci il tarixində Fiziki və kolloid kimya kafedrasının II kurs magistrantı Sabina İsmixanlı Bəxtiyar qızı tərəfindən “Biokütlədən alınmış γ-valerolakton (GVL) əsasında bioyanacaqların katalitik sintezi” mövzusunda elmi tədqiqat işi təqdim edilmişdir. Seminar zamanı biokütlədən əldə olunan γ-valerolaktonun (GVL) heterogen oksid əsaslı katalizatorlar vasitəsilə valerik efirlərə çevrilməsi prosesi ətraflı şəkildə təqdim olunmuşdur. Tədqiqatın əsas məqsədi lignoselülozik xammaldan alınan platform molekulların dayanıqlı, aşağı karbon emissiyalı ikinci nəsil bioyanacaqlara çevrilməsi üçün effektiv katalitik yanaşmaların işlənib hazırlanmasıdır. Aparılmış araşdırmalar göstərir ki, katalizatorun turşu xüsusiyyətləri və səth quruluşu reaksiya mexanizminə, çevrilmə dərəcəsinə və məhsulun selektivliyinə həlledici təsir göstərir. Əldə olunan nəticələr valerik efirlərin mövcud yanacaq infrastrukturlarına inteqrasiya oluna bilən bərpa olunan alternativ enerji daşıyıcıları kimi yüksək tətbiq potensialına malik olduğunu təsdiqləyir.