Fuad Sadıqovun 75 illik yubileyidir
Bu gün Kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru Fuad Sadıqovun 75 illik yubileyidir. Sadıqov Fuad Mikayıl oğlu 1950-ci il aprelin 10-da Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1966-cı ildə Naxçıvanda orta məktəbi bitirmiş, 1967-ci ildə o dövrdə çox yüksək reytinqli hesab edilən Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutu (indiki Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laborant kimi elmi fəaliyyətə başlamışdır. 1975-1978-ci illərdə həmin institutun "Yarımkeçiricilər kimyası" laboratoriyasının aspirantı olmuş və mühəndis, kiçik elmi işçi vəzifələrində işləmişdir. Professor Fuad Sadıqov 1981-ci ildə "Lantanoidlərin tellurobismutitlərinin sintezi və tədqiqi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 1993-cü ildə "Nadir torpaq elementlərinin xalkostibnit və xalkobismutitləri və onların əsasında materialların alınmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1988-ci ildən BDU-ya dəvət edilmiş, "Qeyri-üzvi materialşünaslıq" elmi-tədqiqat laboratoriyasında böyük və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildə Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru vəzifəsinə seçilmişdir. 2005-2006-cı illərdə Kimya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 25-ci ildən artıqdır ki, fakültə Həmkarlar Təşkilatının sədri, fakültə Elmi Şurasının üzvüdür. Elmi istiqaməti yarımkeçirici üçlü nadir torpaq elementləri xalkobstibnit və xalkobismutitləri əsasında effektiv termoelektrik materialların alınmasının fiziki-kimyəvi əsaslarının yaradılmasıdır. Onun tərəfindən ilk dəfə olaraq Ln-BV-X (Ln - nadir torpaq elementləri, BV-Sb, Bi; X-S, Se, Te) tipli 20-dən çox üçlü sistemdə faza tarazlığı tədqiq edilmiş, onların T-X-Y diaqramları qurulmuş, yeni üçlü fazaların əmələgəlmə xarakteri, kristal quruluşu, elektrofiziki xassələri tədqiq edilmiş və onların perspektivli yarımkeçiricilər olması müəyyən olunmuşdur. Elmi-pedaqoji fəaliyyətinin nəticələri 270 elmi əsərdə, o cümlədən 4 müəlliflik şəhadətnaməsi, 4 patent, 9 dərslik və dərs vəsaitində əksini tapmışdır. Rəhbərliyi ilə 1 elmlər doktoru, 8 elmlər namizədi, 15 magistr hazırlanmışdır. Dəfələrlə beynəlxalq simpoziumlarda məruzələrlə çıxış etmişdir.Professor Fuad Sadıqov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı, "Azərbaycan Respublikasının Qabaqcıl ali təhsil işçisi" döş nişanı, Respublika Həmkarlar İttifaqının 100 illiyi medalı və digər çoxsaylı mükafatlarla təltif edilmişdir. Sadə və təvazökar insan, tanınmış alim, ləyaqətli ziyalı olan professor Fuad Sadıqovu şərəfli yubileyi münasibətilə fakültəmizin kollekivi adından təbrik edir, ona cansağlığı və yeni uğurlar arzulayırıq.