Gənc istedadlardan Ümummilli Liderə həsr olunmuş sənət töhfəsi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı, “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş rəsm sərgisi keçirilib. Sərgidə fakültənin istedadlı tələbələrinin ərsəyə gətirdikləri rəsm əsərləri nümayiş olunub. Tələbələrin fərdi yaradıcılığının və bədii baxışlarının ifadəsi olan bu əsərlər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Sərginin məqsədi həm gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, həm də xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin irsini sənət vasitəsilə yad etmək olub. Tədbir iştirakçıları sərgidə təqdim olunan əsərlərin mövzu dərinliyi və estetik duyumu ilə seçildiyini qeyd edərək, belə təşəbbüslərin tələbələr arasında mədəni və vətənpərvər ruhun güclənməsinə xidmət etdiyini vurğulayıblar. Tədbirdə fakültə rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak ediblər. Çıxış edənlər Heydər Əliyevin gənclərə verdiyi dəyəri və onun təməlini qoyduğu dövlət gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd ediblər. Bildirilib ki, belə təşəbbüslər gənclərin intellektual və estetik inkişafına müsbət təsir göstərir.