YUSİF MƏMMƏDƏLİYEVƏ HƏSR OLUNMUŞ TƏDBİR
Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri - Yusif Məmmədəliyev” adlı onlayn tədbir keçirilmişdir. Tədbirə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli moderatorluq etmişdir. Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı professor Abdulsəyid Əzizov çıxış edərək Yusif Heydər oğlu Məmmədəliyevin dünya şöhrətli alim olması, Azərbaycanın kimya elminin inkişafında rolu, AMEA-nın prezidenti və BDU-nun rektoru olduğu dövrlərdə məhsuldar elmi, eləcə də ictimai-siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov Y.H.Məmmədəliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verərərək bildirmişdir ki, görkəmli alim D.N.Zelinskinin tələbəsi olan Y.H.Məmmədəliyev Azərbaycan neft-kimya elminin, kimya sənayesinin, bir çox elmi-tədqiqat müəssisələrinin, AMEA-nın yaranmasında əvəzsiz xidmətləri olmuşdur. Sonra İ.Məmmədov görkəmli alimin xatirəsinə “Yanacaqlar, bioyanacaqlar, bioloji aktiv maddələrin alınması və xassələrinin tədqiqi” adlı məruzə ilə çıxış etmişdir.
Tədbirdə Kimya fakültəsinin dekan müavini dosent Taleh Qəhrəmanov, professor Namiq Şıxəliyev, professor Rasim Alosmanov, professor Musa Bayramov çıxış edərək görkəmli alimin şərəfli həyat yolu, gənc nəslin yetişməsində rolu, qiymətli elmi kəşfləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev çıxış edərək Yusif Məmmədəliyev irsini öyrənməyin hər bir kimyaçının mənəvi borcu olduğunu vurğulamışdır. Tədbirdə ikinci kurs tələbəsi Sevinc Həsənova tərəfindən hazirlanmış Yusif Məmmədəliyev haqqında videoçarx nümayiş olunmuşdur.