Neft kimyası və kimya texnologiyası kafedrasında növbəti Elmi seminar keçirilib
Bakı Dövlət Üniversitetinin Kimya fakultəsi “Neft kimyası və kimya texnologiyası” kafedrasının I kurs magistrantı Gülbən Məmmədovanın təqdimatında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “Propanol-1, propanol-2 və bitki yağı əsasında bioyanacağın alınması” mövzusunda elmi seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən fakültə dekanı Fuad Kərimli iştirakçıları salamlamış, TEC-in gördüyü işlər, müsbət addımları və qarşıda duran məsələlər haqqında ətraflı məlumat vermişdir. Eləcə də fakültə dekanı gələcəkdə kafedralar üzrə belə tədbirlərin keçirilməsinə gəncləri səsləmiş və bu işdə dəstək olacağını bildirmişdir.
Daha sonra dekan müavini Taleh Qəhramanov gənclərin TEC-də fəaliyyətini yüksək dəyərləndirmiş və gənclərə fakültədə lazımi şəraitin yaradıldığını bildirmişdir.
Gülbən Məmmədova çıxışında ölkəmizin enerji potensialı haqqında tələbələri maarifləndirmiş, eyni zamanda propanol-1, propanol-2 və texniki pambıq yağı əsasında bioyanacağın alınması, eləcə də tətbiqi istiqamətləri ilə əlaqədar görülən işlərdən bəhs etmişdir.
Sonda “Neft kimyası və Kimya texnologiyası” kafedrasının müdiri İbrahim Məmmədov mövzu barədə əlavələrini qeyd etmiş, tədbirin təşkilatçıları elmi işlər üzrə dekan müavini Farid Nağıyevə, TEC sədr müavini Zenfira Hüseynzadəyə, eləcə də iştirakçılara minnətdarlığını bildirmişdir.
Tələbələrlə qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.