Günay Cəfərovanın təqdimatında elmi seminar keçirildi
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının II kurs magistrantı Cəfərova Günay İsvaxan qızının “Ferrosenin pirolizi ilə Fe@C, Fe₃C@C, Fe/Fe₃C/Fe₂O₃@C tərkibli nanokompozitlərin sintezi və benzolun maye fazada fenola hidroksilləşməsi reaksiyasında katalizator kimi tətqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Eldar Əhmədov iştirakçıları salamlamış,elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Cəfərova Günay bu işdə ferrosen prekursoru əsasında piroliz üsulu ilə müxtəlif dəmir-tərkibli karbon nanokompozitlərin – Fe@C, Fe₃C@C və Fe/Fe₃C/Fe₂O₃@C sistemlərinin sintezi həyata keçirilmişdir. Piroliz prosesi inert mühitdə müxtəlif temperatur rejimlərində aparılaraq faza tərkibinə və morfologiyaya təsir edən əsas parametrlər tədqiq olunmuşdur. Nəticədə metal nüvənin karbon örtüklə kapsullaşdığı nüvə-qabıq tipli strukturlar əldə edilmişdir. Alınmış nanokompozitlərin struktur və morfoloji xüsusiyyətləri rentgen difraksiyası (XRD), skanedici elektron mikroskopiya (SEM) və transmissiya elektron mikroskopiya (TEM) üsulları ilə xarakterizə edilmişdir. Analizlər göstərmişdir ki, temperaturun artması ilə Fe₃C fazasının əmələ gəlməsi üstünlük təşkil edir, oksidləşdirici mühitdə isə Fe₂O₃ fazası formalaşır. Karbon matris həm dispersiyanı stabilləşdirir, həm də aktiv mərkəzlərin aqreqasiyasının qarşısını alır.Sintez olunmuş materialların katalitik aktivliyi benzolun fenola hidroksilləşməsi reaksiyasında, maye fazada qiymətləndirilmişdir. Reaksiya zamanı əsas oksidləşdirici kimi hidrogen peroksiddən istifadə edilmişdir. Müəyyən edilmişdir ki, Fe/Fe₃C/Fe₂O₃@C kompoziti digər nümunələrlə müqayisədə daha yüksək konversiya və selektivlik göstərir. Bu, müxtəlif oksidləşmə dərəcəli dəmir fazalarının sinergetik təsiri və karbon örtüyün elektron ötürücülük qabiliyyəti ilə izah olunur.Tədqiqat nəticələri göstərir ki, ferrosen əsaslı piroliz yolu ilə alınan dəmir-karbon nanokompozitlər ətraf mühit baxımından daha təhlükəsiz və effektiv katalizatorlar kimi fenolun selektiv alınması üçün perspektivli materiallardır. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.