“Həyatın özüdür kimya” tədbiri
20 may 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbdə Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Həyatın özüdür kimya” adlı tədbir keçirilmişdir. Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 19 saylı məktəbin direktoru Nailə Cəfərova tədbir iştirakçılarını salamlayaraq tədbirin rəhbəri olduğu məktəbin həyatında mühüm hadisə olduğunu, Kimya fakültəsinin lV kurs tələbələrinin məktəbin pedaqoji və şagird kollektivi ilə yaxşı anlaşdığını, yüksək səviyyədə dərslər apardığını vurguladı. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov fakültənin dekanı Fuad Kərimlinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırdı və bu gün təşkil olunmuş tədbirin Bakı Dövlət Universiteti və 19 saylı məktəb arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığnı dedi. Ümumilli Lider Heydər Əliyevin Respublikamızda bütün digər sahələr kimi kimya elminin və kimya sənayesinin inkişafına böyük töhvələr verdiyini, məhz onun bu diqqətinin nəticəsi olaraq Respublikamızda bütün dünyada tanınan kimyaçı kadrların hazırlandığını vurğuladı.
Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev iştirakçıları salamlayaraq tədbirin təşkilində hər cür dəstək göstərən məktəbin rəhbərliyinə, pedaqoji kollektivinə, şagirdlərə və təcrübəçi-tələbələrə və ümumiyyətlə tədbirin təşkilində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi.
Kimyanın həyatla əlaqəsi və insanların gündəlik fəaliyyətindəki əhəmiyyətinə həsr olunmuş “Həyatın özüdür kimya” adlı tədbir əyləncəli kimya təcrübələri, şagirdlərin şeir, səhnəcik və musiqi nömrələri ilə davam etdi. Tədbir iştirakçıları məktəbin VllI-XII sinif şagirdlərinin hazırladığı “Bayram” rəqsinin nümayişindən sonra Kimya fakültəsinin təcrübəçi tələbələri və məktəbin şagirdləri tərəfindən “Fil dişi məcunu”, “Süni qan” kimyəvi təcrübələri nümayiş etdirildi. Göstərilən təcrübələr tədbirdə iştirak edən qonaqlar, müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə şagirdlər kimyaya aid şeirlər ifa etmiş, “Mendeleyev akademiyası” səhnəciyi canlandırmış, TEDX formatında danışıq və “Kimya haqqında maraqlı faktlar” təqdim etdi. Məktəbin VIII sinif şagirdi Əlizadə Rəna Heydər Əliyevin sevdiyi əsər olan “Küçələrə su səpmişəm” mahnısını səsləndirdi. Tədbir iştirakçıları akt zalında təcrübəçi tələbələr və şagirdlər tərəfindən hazırlanmış stendlə tanış oldu. Tədbirin sonunda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim edilərək xatirə şəkilləri çəkildi.