Heydər Əliyev və gənclər siyasəti
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, Ulu öndər Heydər Əliyev xalqımızı mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli liderdir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin həyata keçirilməsi Ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Bu ideologiyadan bəhrələnən gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar.
Daha sonra Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi Ofeliya Balayeva, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, I kurs tələbəsi Nailə Tağıyeva çıxışlarında müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsindən, dövlət gənclər siyasətinin formalaşmasındakı misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıblar.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin gənclər siyasətini əks etdirən videoçarx nümayiş etdirilib.