İkili diplom layihəsi üzrə elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin Kimya fakültəsinində akademik Yusuf Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə Qazaxıstan Satbayev adına Milli Tədqiqat Texniki Universitetinin ikili diplom layihəsi üzrə “Neft kimyası” ixtisasında təhsil alan magistrantı Aidana İskenderin “3D printer reaktorunda üzvi tullantılardan biodizelin alınması” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri İbrahim Məmmədov iştirakçıları salamlamış, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin davam etdirildiyini bildirmişdir. O, qeyd etmişdir ki, dünya şöhrətli alim akademik Yusif Məmmədəliyevin irsi həm də ölkə xaricində təşfiq edilməlidir. Bugünkü seminarımızda Qazaxıstan vətəndaşı Aidana İskenderin çıxışı bu cəhətdən çox önəmlidir. Tədbirin davamı olaraq Aidana İskender biodizel istehsalında ənənəvi və üçölçülü (3D) reaktorlar haqqında geniş məlumat verərək, onların üstün və çatışmayan cəhətlərini göstərmişdir. Eləcə də dissertasiya işinin ənənəvi reaktorlara aid olan hissəsinin Bakı Dövlət Universitetinin Neft kimyası və kimya texnologiyası kafedrasında yerinə yetirildiyini bildirmişdir. Sonra ekoloji təmiz yanacaqların hazırlanmasında mövcud olan digər istiqamətlər və görülən işlərdən bəhs edilmişdir. Tələbələrlə qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.