İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universiteti arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq sazişi əsasında həyata keçirilən “Kimya” ixtisasının “Neft kimyası” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub. İngilis dilində tədris olunan proqram üzrə yüksəkixtisaslı neft kimyası üzrə kadrların hazırlanması məqsədilə həyata keçirilən əməkdaşlıq uğurla davam edir. Proqram çərçivəsində təhsil alan magistrantın dissertasiya müdafiəsi 30 iyun 2026-cı il tarixində hər iki universitetin professor-müəllim heyətinin nümayəndələrindən ibarət ixtisaslaşdırılmış şuranın iştirakı ilə təşkil olunub. Müdafiə zamanı BDU-nun Kimya fakültəsinin “Neft kimyası” ixtisaslaşması üzrə magistrantı Günel Rüstəmli hər iki tərəfdən təyin olmuş elmi rəhbərlik altında başa çatdırdığı magistrlik dissertasiyasını təqdim edərək apardığı araşdırmaların nəticələrini şura üzvlərinə təqdim edib. Təqdim olunan dissertasiya işi aktuallığı, elmi-nəzəri səviyyəsi və praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib. Magistrantın çıxışları qənaətbəxş hesab olunub və G.Rüstəmlinin dissertasiya müdafiəsi uğurla başa çatıb.
Qeyd edək ki, BDU ilə Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universiteti arasında həyata keçirilən ikili diplom proqramı tələbələrə hər iki universitetin akademik imkanlarından yararlanmaq, beynəlxalq təcrübə qazanmaq və əmək bazarının tələblərinə cavab verən peşəkar kimyaçı kimi formalaşmaq imkanı yaradır.