İkili diplom proqramı üzrə əməkdaşlıq davam edir
Bakı Dövlət Universitetində (BDU) tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də beynəlxalq rəqabətliliyinin artırılması üçün dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür. Artıq həyata keçirilən belə layihələrdən biri də BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında “Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramıdır. Layihənin məqsədi neft-qaz kimyası, yanacaqlar, təbii karbohidrogen ehtiyatları əsasında texniki əhəmiyyətli maddələrin alınması sahəsində hərtərəfli biliyi olan, müasir düşüncəyə sahib, problemlərin həllini bilən, eləcə də onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanmasıdır. Qeyd edək ki, QMTTU-da neft kimyası və kimya mühəndisliyi sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Universitet QS dünya universitetləri reytinqində 331-ci, QS ECCA reytinqində isə 64-cu pillədə yer alır. Universitetdə 114 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərir. Satbayev Universiteti dünyanın 174 aparıcı ali təhsil müəssisəsi və 450 nüfuzlu şirkəti ilə əməkdaşlıq edir. BDU və QMTTU arasında ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsinə əsasən 2022/2023-cü tədris ilində iki məzun hazırlığı həyata keşirilmişdir. Hazırda bu proqram üzrə əməkdaşlıq davam etdirilməkdədir. Belə ki, Qazax Milli Tədqiqat Texniki Universitetində Kimya fakültəsi, Neft kimyası və kimya texnologiyası kafedrasının "Neft kimyası" ixtisaslaşması üzrə magistrantı Günel Rüstəmli, Bakı Dövlət Universitetində isə Satbayev universitetinin magistrantı Aidana İskander təhsillərini, eləcə də dissertasiya mövzuları üzrə elmi araşdırmalarını davam etdirirlər.