"İnsanlar əslində bizə nə deyir?" mövzusuna həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr üçün növbəti maraqlı və maarifləndirici tədbir baş tutub. Bədən dili və manipulyasiya üzrə mütəxəssis, təlimçi Aytac Əzizbəyinin təqdimatında keçirilən təlim "İnsanlar əslində bizə nə deyir?" mövzusuna həsr olunub. Təlimin əsas məqsədi tələbələrə qeyri-verbal ünsiyyətin sirlərini aşılamaq, qarşı tərəfin jest və mimikalarından gələn gizli mesajları düzgün oxumaq bacarıqlarını inkişaf etdirmək olub. Təlim zamanı Aytac Əzizbəyi tərəfindən mövzuya dair müxtəlif vizual slaydlar və videolar nümayiş etdirilib. Təqdimatlarda bədən dilinin gündəlik həyatda, iş mühitində və sosial münasibətlərdəki rolu detallı şəkildə izah olunub. Tədbir tələbələrin böyük marağına səbəb olub. Təlimin interaktiv hissəsində iştirakçılar mövzu ilə bağlı onları maraqlandıran sualları məruzəçiyə ünvanlayıblar. Aytac Əzizbəyi tələbələrin suallarını real həyati nümunələr əsasında cavablandıraraq, onlara praktik tövsiyələr verib. Tədbirin sonunda xatirə olaraq kollektiv fotoşəkil çəkdirilib.